Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda 100-dən çox sərpuş mühafizə edilir
Bakı, 19 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda 100-dən artıq sərpuş mühafizə edilir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid olan sərpuşlardan birinin üzərində ərəb əlifbası ilə Hafizin qəzəli həkk edilib:
Gül və arzuya çatmaq vaxtıdır.
Saqi! Həyat suyu ver.
Çəmənlikdə badə və cam xoşdur.
Al qırmızı lalə üzlülərlə birlikdə.
Bu sərpuşun hündürlüyü 31,5, diametri 23 santimetrdir.
Qeyd edək ki, xalqımızın maddi-mədəni irs siyahısında süfrə mədəniyyətinin özünəməxsus yeri var. Keçmiş məişətdə süfrə qablarının bir hissəsini mis qablar təşkil edirdi. Süfrə qabları sırasına daxil olan ən geniş yayılmış qablardan biri sərpuşlar sayılırdı. Sərpuş farscadan tərcümədə “qapaq” mənasını verir və süfrədə də bu funksiyanı yerinə yetirir. Sərpuşlar süfrəyə verilən xörəkləri, xüsusilə, plovu uzun müddət isti saxlamaq xüsusiyyətinə malikdir. Konusvari formaya malik, getdikcə daralaraq günbəz formasını alan sərpuşda kondensasiya nəticəsində buxar aşağıdan yuxarıya doğru qalxır, yuxarı hissə daraldığından buxar yayılmağa və suya çevrilməyə imkan tapmır, qabın divarları ilə aşağıya doğru hərəkət edir və nəticədə termos effekti yaranır. Sərpuşları nimçə və sinilərin, o cümlədən qablama qazanların ağzına qoyaraq süfrəyə verməklə bərabər, həmçinin onlardan ocaqda olan yeməklərin hazırlanmasında istifadə edilirdi.