Milli Dirçəliş Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd olunub
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Ordusunda 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoymasından, Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib. Artıq 17 Noyabr - Milli Dirçəliş Günü ölkəmizin hər bir yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük qürur və iftixar hissi ilə qeyd olunur.
Silsilə tədbirlər çərçivəsində, həmçinin şəxsi heyət muzeyləri ziyarət edib, elmi-praktik konfranslar, dəyirmi masalar və digər mədəni-kütləvi tədbirlər təşkil olunub.