İQTİSADİYYAT
MİLLİ İSTEHSALÇILARIN MƏHSULLARINDAN İBARƏT SATIŞ-YARMARKA AÇILMIŞDIR
Yarmarkada respublikanın qida, spirtli-spirtsiz içki, kənd təsərrüfatı, sənətkarlıq məhsulları, inşaat materialları, məişət texnikası və s. istehsalı üzrə ixtisaslaşmış şirkətləri öz mallarını nümayiş etdirirlər.
Tamaşaçı-alıcılar “Azplodeksport” Məhdud Məsuliyyətli Cəmiyyətin müəssisələrinin, o cümlədən Göyçay konserv zavodunun məhsullarına böyük maraq göstəririlər. Cəmiyyətin təmsilçisinin sözlərinə görə, müəssisə 1982-ci ildə istifadəyə verilmişdir. 2004-cü ilin əvvəlindən “Azplodeksport” tərəfindən burada bərpa işləri başlamış, sexlər təmir edilmiş, dünya standartlarına uyğun yeni avadanlıq, o cümlədən yarımfabrikat şirəni konservantsız saxlamaq üçün aseptik konservləşdirmə stansiyası quraşdırılmışdır. Stansiya eyni vaxtda 4 min ton şirənin mövsüm ərzində emal edilərək saxlanmasına imkan verir. Zavodun istehsal gücünə uyğun olaraq, hazırda nar şirəsi ilə yanaşı, digər meyvə və tərəvəzin qəbul edilərək emal olunması nəzərdə tutulur. Müəssisənin istehsal etdiyi nar şirəsi MDB, Avropa, ABŞ və Yaxın Şərq bazarında özünə layiqli yer tutmuşdur.
Satış-yarmarka oktyabrın 16-da başa çatacaqdır.