MİLLİ İSTEHSALÇILARLA TİCARƏT SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLARIN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
“Hamı yerli mal alsın, xeyir Vətənə qalsın!” devizi altında keçirilən, məqsədi yerli istehsal məhsullarının istehlakçılara çatdırılmasında mövcud problemləri müzakirə etmək və bu sahədə istehsalçı-ticarətçi əlaqələrinin səmərəliliyini artırmaq olan görüşdə iqtisadi inkişaf naziri Fərhad Əliyev çıxış etmişdir. O demişdir ki, Azərbaycan Prezidentinin “antiinflyasiya tədbirlərinin gücləndirilməsinə dair fərmanına uyğun olaraq, milli istehsalın dəstəklənməsi üzrə sistemli tədbirlər həyata keçirilir. Milli istehsalın inkişafı məhsulun qiymətinin vətəndaşların maddi imkanlarına uyğun, keyfiyyətinin yüksək, xarici görkəminin isə cəlbedici olmasından, bir sözlə, rəqabət qabiliyyətindən asılıdır. Dəyişən zövqlər və tələbat, yeniliklər çevikliklə nəzərə alınmalıdır. Eyni zamanda, ticarət şəbəkələri də yerli malların nüfuzunun artırılması üçün xidmətin keyfiyyətini yüksəltməli, məhsullarımızın təbliğində fəal iştirak etməlidirlər.
Nazir xüsusi vurğulamışdır ki, topdan və pərakəndə satış üçün ölkəmizə idxal olunan yeyinti məhsullarının üzərindəki adlar, qeyd və tövsiyələr Azərbaycan dilində də verilməlidir.
Sonra yerli məhsulların satışı sahəsində mövcud problemlər və onların aradan qaldırılması yolları müzakirə edilmişdir. Çıxış edən iş adamları
məsələnin aktuallığını vurğulamış, milli istehsalçılarla ticarət sahəsində fəaliyyət göstərən sahibkarların əməkdaşlığının genişləndirilməsi, qarşılaşdıqları problemlərin həlli yolları barədə təkliflərini bildirmişlər.