Milli Məclisin deputatları IX Neva beynəlxalq konqresində iştirak edəcəklər
Bakı, 25 may, AZƏRTAC
Milli Məclis sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov IX Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün mayın 26-dan 30-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konqresin “Planetin ekologiyası - davamlı inkişaf” mövzusunda keçiriləcək plenar iclasının açılış mərasimində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri, Neva Beynəlxalq Ekoloji Konqresinin Təşkilat Komitəsinin həmsədri Valentina Matviyenkonun, Baş nazirin müavini, qurumun həmsədri Viktoriya Abramçenkonun, Milli Məclis sədrinin müavini Adil Əliyevin, MDB-yə üzv dövlətlərin milli parlamentlərinin nümayəndələrinin, federal və regional dövlət orqanlarının rəhbərlərinin çıxışları nəzərdə tutulub.
Ekologiya məsələlərinə həsr edilmiş konqres çərçivəsində yeni iqlim siyasəti, meşə resurslarının idarə olunması, yaşıl enerji, qapalı dövrə iqtisadiyyatı, ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə, Arktikanın ekoloji problemləri, ekoloji təhsil və turizm məsələlərinə dair dəyirmi masalar keçiriləcək.
“Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində milli strategiyalar və layihələr: təcrübə mübadiləsi" mövzusunda keçiriləcək dəyirmi masada deputat İltizam Yusifovun çıxışı nəzərdə tutulub.