Milli Məclisin plenar iclasında 30 məsələyə baxılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də Milli Məclisin növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.
Gündəliyin təsdiqindən sonra cari məsələlər müzakirə olunub.
Daha sonra gündəlikdəki sənədlərin müzakirəsinə başlanılıb.
Əvvəlcə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilk 10 məsələ - Vergi və İnzibati Xətalar məcəllələrində, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də təklif edilən dəyişikliklər barədə məlumat verib. Qeyd edilib ki, qanun layihələri Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Sənədlərə təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.
Dəyişikliklərə əsasən, beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edilməlidir. Bildirilib ki, dəyişikliklərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə “Maliyyə institutları tərəfindən məlumatların verilməsi” adlı maddə əlavə edilir.
Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Sonra Ziyad Səmədzadə “Avtomobil yolları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi barədə danışaraq bildirib ki, sənəd ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədilə hazırlanıb. Bu yolların yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər (avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və xitam verilməsi qaydası və s. halları) qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Sənəd səsvermə yolu ilə təsdiqlənib.
Ziyad Səmədzadə sonra “Reklam haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsindən danışıb. Qeyd olunub ki, sənəd qanunvericiliyin təkmilləşdirilməsi, açıq məkanda reklama icazə alınması üçün prosedurların dəqiqləşdirilməsi, reklam yayımına görə haqqın ödənilmə qaydaları və məbləği ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Təklif olunan qanun layihəsinə əsasən ticarət, xidmət və digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, sayı 1-dən, ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr reklam daşıyıcıları və reklam hesab olunmayacaq. Bununla da hansı məlumat lövhələrinin reklam olub-olmaması ilə bağlı praktikada geniş rast gəlinən qeyri-müəyyənliklər aradan qaldırılacaq.
Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət, Cinayət-Prosessual və İnzibati məcəllələrdə dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borclanması qaydası” təsdiq edilib. Həmin sənəddə müəyyən olunub ki, dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, qeyri-kommersiya hüquqi şəxsləri, habelə publik hüquqi şəxslər, törəmə təsərrüfat cəmiyyətləri daxili və xarici borcalmalar zamanı müəyyən prosedurlara riayət etmək şərti ilə Maliyyə Nazirliyinin razılığını almalıdırlar. Bu cür borcalmalar razılıq alınmadan aparıldıqda dövlətə bu və ya digər dərəcədə ziyan vurma riski yaranır. Təklifin əsas mahiyyəti sözügedən Fərmanda qeyd olunan qaydaların pozulmasına görə cinayət və inzibati məsuliyyət müəyyən edən normaların formalaşdırılmasından ibarətdir.
Sonra deputatlar sənədləri təsdiqləyiblər.
Əli Hüseynli gündəlikdəki digər üç məsələ - Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında” qanunlarda dəyişikliklər edilməsinə dair qanun layihələri barədə məlumat verib. O bildirib ki, bu qanun layihələrində dəyişikliklər daşınmaz əmlaka sərəncam verilməsi sahəsində mexanizmlərin daha da təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə aparılıb. Belə ki, daşınmaz əmlakın dövlət reyestri “Elektron hökumət” portalına inteqrasiya ediləcək. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı real vaxt rejimində əldə etmək mümkün olacaq. Bununla da daşınmaz əmlak üzərində sərəncamların verilməsi daha operativ şəkil alacaq. Qanun layihələrində notarial hərəkətlərin aparılması zamanı bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazımi məlumatlar və sənədləri elektron sorğular göndərərək elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə etmək hüququnun müəyyən edilməsi ilə bağlı məsələlər öz həllini tapıb.
Hər üç sənəd ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsindəki dəyişikliyi şərh edərkən bildirib ki, “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” maddəsi var. Təklif olunur ki, məcəllənin 534 və 538-ci maddələri də bu kateqoriyaya aid edilsin. Qeyd edilən maddələr üzrə nəzərdə tutulan inzibati xətalar - uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya qanunvericiliyinin tələblərinin pozulması hallarında qərarın qəbul edilməsi prokurorun səlahiyyətlərinə aid edilir.
Sənəd səsə qoyularaq qəbul olunub.
Sonra Əli Hüseynli gündəlikdəki növbəti beş məsələ barəsində məlumat verib. Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında, 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında, eləcə də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə sənədlərdəki dəyişikliklərin mahiyyəti “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır.
Bu sənədlər də ayrı ayrılıqda səsvermə yolu ilə təsdiqlənib.
Sonra Əli Hüseynli “Prokurorluq haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihəni təqdim edib. Bildirilib ki, qanun layihəsinə edilən dəyişiklik Avropa Şurasının “Korrupsiyaya qarşı dövlətlər qrupu”nun (GRECO) təklifi ilə aparılıb. Qanunun 43 və 44-cü maddələrində aparılan dəyişikliyin əsas mahiyyətinə görə söhbət nəzarətdən deyil, məlumatlandırmadan gedir. Dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə aparılır.
Sənəd səsə qoyularaq təsdiqlənib.
Mülki Məcəlləyə edilən dəyişikliyi şərh edən Əli Hüseynli bildirib ki, qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda “məlumatlandırma icraatının tətbiq edilməsi sifarişli poçt göndərişi və ya bilavasitə həyata keçirilməlidir” ifadəsi qeyd olunur. Bu ifadə eyniliklə Mülki Məcəllədə də öz əksini tapır.
Sənəd səsvermə yolu ilə qəbul edilib.
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini təqdim edib. Bildirilib ki, Məcəllənin 342.1.2 maddəsində nəqliyyat vasitələrini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat miqdarında cərimə nəzərdə tutulur. Təcrübə onu göstərir ki, bu maddə tətbiq olunmur və bu səbəbdən həmin maddə və digər 345.2 maddə Məcəllədən çıxarılır. Bu dəyişikliklərdən sonra banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyətinin icazəsinin alınmasına da ehtiyac olmayacaq.
Qanun layihəsi səsvermə yolu ilə təsdiq edilib.
“Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddəti ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə məlumat verən Əli Hüseynli bildirib ki, bu sahədə texniki problemlərlə əlaqədar qanunun qüvvəyə minmə tarixi dəyişilir. Təklif olunur ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi müddəti 2019-cu ilə keçirilsin.
Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra Əli Hüseynli “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumatı diqqətə çatdırıb. Bildirilib ki, “Rəşadət” ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, müstəqilliyimizin, ərazi bütövlüyünün və təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətləri olan, əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik edənlər, Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərənlər, həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borc və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətləri, fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində, dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətləri olan insanlar təltif ediləcəklər.
Sənəd yekdilliklə təsdiqlənib.
Daha sonra Əli Hüseynli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verib. Düzəlişin mahiyyəti ondan ibarətdir ki, prokurorluq işçilərinin attestasiyası və fəaliyyətinin qiymətləndirilməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunla müəyyən edilmiş qaydada və hallarda həyata keçirilir. Təqdim edilən qanun layihəsi prokurorluq işçilərinə işlədiyi müddətdə nəzəri biliklərinin və peşə hazırlığının bu müddətdə nəzərdə tutulmayan başqa hallarda imtahanların keçirilmə təcrübəsinin tətbiq edilməsinin yolverilməzliyi məqsədilə hazırlanıb.
Sənəd səsvermə ilə qəbul olunub.
Bununla da Milli Məclis öz işini başa çatdırıb.