Milli Məclisin sədrinin müavini Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının konventində iştirak edib
Moskva, 15 oktyabr, AZƏRTAC
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının XIII konventi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədrinin müavini Adil Əliyev konventin işində iştirak edib. A.Əliyev plenar sessiyada “Davamlı inkişaf və ESG-transformasiyalar” mövzusunda çıxış edib. O qeyd edib ki, iqlim dəyişmələri və energetik transformasiyalar sahəsində bu tədbirdə müzakirə edilən mövzular Azərbaycan üçün xüsusi ilə aktualdır.
Milli Məclisin sədrinin müavini deyib: “Bizdə Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi yanında ictimai ekoloji şura yaradılıb, ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyi (IDEA) fəaliyyət göstərir, bu ilin əvvəlində isə, IDEA birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın davamlı inkişafı naminə Milli Alyans (DANMA) təsis edilib”.
A.Əliyev bildirib ki, son illərdə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində ciddi tərəqqiyə nail olub. Prezident İlham Əliyev ekologiya problemlərinin həllinə böyük diqqət yetirir. Bu, ölkədə ekoloji və sosial-iqtisadi şəraitin xeyli yaxşılaşmasına gətirib çıxarıb. Azərbaycanda bütün hakimiyyət orqanları davamlı inkişaf prinsiplərinin və ideologiyasının dövlət səviyyəsində həyata keçirilməsi üzərində işləyib.
Oktyabrın 15-16-da konvent çərçivəsində dialoq tərəfdaşlığının 25 illiyinə və Rusiya ilə ASEAN arasında əlaqələr yaradılmasının 30 illiyinə həsr edilmiş növbəti beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bundan əlavə, oktyabrın 15-də “Şərq ilə Qərb arasında hüquq” mövzusunda Birinci beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransda MDBMİ-nin prorektoru Artyom Malgin, davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Anatoli Çubays, Özbəkistan Oliy Majlısının senatının sədr müavini Sadık Safayev, MDBMİ-nin davamlı inkişaf mərkəzinin direktoru, Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev və başqaları iştirak ediblər.
Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının XIII konventi “Prioritet 2030” strateji akademik liderlik proqramının dəstəyi ilə keçirilir. Konvent çərçivəsində bir sıra çoxtərəfli və ikitərəfli dialoq, elmi və təhsil təyinatlı tərəfdaş müəssisələrin tədbirləri nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva