Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır
Bakı, 31 may, AZƏRTAC
Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” adlı tədbir keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərlikləri, Musiqi Kollecinin pedaqoji kollektivi, kütləvi informasiya vasitələrinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji prinsiplərini dəqiq müəyyənləşdirib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında vurğulayıb ki, Ümummilli Liderin müdrik siyasəti ilə əsrlər boyu formalaşan Azərbaycanın çoxmədəniyyətlilik ənənəsi bu gün də yaşayır və inkişaf etdirilir. Dahi öndərin milli mədəniyyətimizin inkişafında xidmətləri ölçüyəgəlməzdir.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq diqqətə çatdırıb ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. Dövrün bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, tarixi hadisələrin gedişini irəlicədən görə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca mühüm önəm daşıyan qərarlar qəbul edilən zaman düzgün mövqe tutub, qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji bəyanat və çıxışlarında, qərarlarında, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib.
Daha sonra kollecin tələbələrinin ifalarında rəngarəng musiqilər tədbir iştirakçılarına xoş ovqat bağışlayıb.
Tədbirin sonunda tələbələrə diplomlar və hədiyyələr təqdim edilib.