Milli qürurumuzun və kimliyimizin təntənəsi ŞƏRH
Bakı, 15 oktyabr, AZƏRTAC
Bu gün - oktyabrın 15-də Azərbaycan xalqının tarixində şanlı bir hadisənin birinci ildönümünü qeyd edirik. Düz bir il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Qarabağın azadlığının və ölkəmizin suverenliyinin rəmzi kimi Dövlət Bayrağımızın Xankəndidə yüksəldilməsi həm də milli qürurumuzun və kimliyimizin təntənəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin və Qarabağa qayıdışın parlaq göstəricilərindən olan bu tarixi hadisəyə şahidlik etməyimiz hər birimizə sonsuz qürur və fəxarət hissləri bəxş edib. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir gündən az davam edən antiterror tədbirlərində Azərbaycanda xalq, dövlət və ordu sarsılmaz birlik nümayiş etdirərək torpaqlarımızın azadlığı, bütövlüyü və suverenliyi yolunda misilsiz fədakarlıq göstərdi.
“Qəhrəman əsgər və zabitlərimiz doğma və əzəli yurdumuzu düşməndən azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Üçrəngli Bayrağımızın işğaldan azad edilmiş bütün torpaqlarımızda məğrur dalğalanmasına görə məhz Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə borcluyuq.
Danılmaz həqiqətdir ki, dövlətimizin başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionda sülhün, əməkdaşlığın və davamlı inkişafın əsas qüvvəsinə çevrilib. Xankəndi və ümumilikdə Qarabağ bu gün yenidənqurma işlərinin mərkəzindədir. Bu baxımdan bölgənin intellektual, iqtisadi və mədəni dirçəlişinə xidmət edən kadrları yetişdirəcək ali təhsil müəssisəsi - Qarabağ Universiteti olaraq bu yeniliklərin bir parçası olmaqdan qürur duyuruq”, - deyə rektor vurğulayıb.
O deyib: “Eyni zamanda, Qarabağ Universitetinin bu proseslərə töhfə vermək məsuliyyətini aydın şəkildə dərk edirik. Prezident İlham Əliyevin Xankəndidə şanlı Bayrağımızı ucaltmasının birinci ildönümünü qeyd edərkən, biz Qarabağın hər bir qarışının və onun hər bir sakininin gələcək taleyini və rifahını, burada qurulacaq möhtəşəm layihələrin, elm və təhsilin çiçəklənməsinin davamlılığını düşünürük. Bu baxımdan Qarabağın azadlığı ilə başlayan yeni inkişaf mərhələsində ölkənin və bölgənin hərtərəfli inkişafında universitetimizin pay sahibi olmasını əsas vəzifə olaraq müəyyənləşdirmişik. Qarabağ Universiteti olaraq Azərbaycanın elm, təhsil və mədəniyyət beşiyi Qarabağda üçrəngli Bayrağımız altında fəaliyyət göstərməkdən böyük şərəf duyur, dövlətimizin dəstəyi ilə çoxsaylı uğurlara imza atacağımıza inanırıq”.