“Milliyet” qəzeti: Ermənistanın törətdiyi heç bir təxribat cavabsız qalmayacaq
Ankara, 15 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Ermənistan 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə Ermənistanın gözləmədiyi nəticələrlə bitdi. Ondan sonrakı prosesdə iki ölkənin liderləri fərqli platformalarda görüşdülər. Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad edəndən sonra bu ərazilərdə nəqliyyat və kommunikasiya sahələrində sürətli işlər gördü.
AZƏRTAC xəbər verir ki, bu fikirlər tanınmış jurnalist Didəm Özəl Tümerin imzası ilə Türkiyənin “Milliyet” qəzetində dərc olunan “Ermənistanın həyata keçirdiyi heç bir təxribat cavabsız qalmayacaq” sərlövhəli yazısında əksini tapıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun fikirləri əsasında hazırlanan yazıda diqqətə çatdırılır ki, üçtərəfli bəyanatlar və onlar əsasında əldə edilmiş digər razılaşmalara zidd olaraq, qanunsuz erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisindən tam çıxarılmayıb. Ermənistan tərəfi istehsal etdiyi minaları ərazilərimizə döşəməkdə davam edir. Anormal gedişlərlə təcavüzkar tərəf yeni əsassız şərtlər irəli sürərək, nəqliyyat və kommunikasiyaların, eləcə də Zəngəzur dəhlizinin açılmasına süni əngəllər yaradır.
Diqqətə çatdırılır ki, aşkar edilən yeni minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Təslimçilik aktına uyğun olaraq, ermənilər Kəlbəcər, Ağdam və Laçın rayonlarını razılaşdırılmış qrafikə uyğun tərk etməli idilər. Azərbaycan tərəfinin humanizm prinsiplərinə uyğun olaraq öz ərazilərində qanunsuz məskunlaşdırılmış ermənilərin bölgədən çıxmaları üçün etdiyi güzəştlərə baxmayaraq, ermənilər gedən zaman evləri, hətta meşələri yandırıblar. Həmçinin ərazilər minalanıb. Ermənistanın həyata keçirdiyi heç bir təxribat cavabsız qalmayacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara