REGİONLAR
Mingəçevir Dövlət Universitetində tələbələr arasında stolüstü onlayn dama yarışı təşkil olunub
Mingəçevir, 15 iyun, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti İdman Sağlamlıq Kompleksinin təşəbbüsü ilə tələbələr arasında “Microsoft Teams” platformasında Milli Qurtuluş Gününün 27-ci ildönümünə həsr olunmuş stolüstü dama yarışı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda tələbə-idmançılar üç oyun keçiriblər.
Gərgin mübarizə şəraitində yarışın qalibləri qaydalara uyğun olaraq keçirdikləri oyunlarda qələbə qazandıqları partiyaların sayına və bu partiyalarda qələbəyə sərf etdikləri minimum vaxta uyğun müəyyənləşdirilib.
Yarışın nəticələrinə əsasən, Bəyim Salahova ən yüksək mükafata layiq görülüb. Seyidağa Abdullayev və Nurlan Rəcəbov gümüş mükafata, Salatın Babayeva və Fatimə Babayeva isə bürünc mükafata layiq görülüb.
Onlayn yarışa İdman Sağlamlıq Kompleksinin direktoru, baş hakim Fərman Məmmədov rəhbərlik edib.