MİNGƏÇEVİR ÖTƏN İLİ UĞURLA YOLA SALIB
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şəhər icra hakimiyyəti başçısının məruzəsində sənaye müəssisələrində məhsul istehsalının əvvəlki illə müqayisədə 10,8 faiz artaraq 760,9 milyard manata çatması, işlə təmin olunanların 4264 nəfər artması, orta aylıq əmək haqqının 12,4 faiz yüksəlməsi, tikinti-quraşdırma işlərinə, o cümlədən istehsal təyinatı obyektlərin inşasına 3,4 milyard manat sərmayə qoyulması diqqətə çatdırılmışdır. Xatırladılmışdır ki, 56 mənzilli iki yaşayış binası tikilib istifadəyə verilmişdir. Fərdi mənzil tikintisi, əhaliyə, səhiyyə, poçt-rabitə, kommunal xidməti sahələrində, təhsil və idmanda xeyli irəliləyiş olmuşdur.
Qazanılmış uğurlarla birlikdə mövcud problemlər, çatışmazlıqlar da təhlil edilmişdir. “Azərkabel”, “Texniki-rezin”, “İrolit”, “Regenerat”, “Maşın-Təmir” ASC-lərin öz imkanlarından xeyli aşağı səviyyədə işləməsi, məhsul istehsalı və satışının azalması dözülməz hal kimi qiymətləndirilmişdir.
Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanının icrası ilə bağlı təsdiq edilmiş tədbirlər planının dönmədən, ardıcıl yerinə yetirilməsi zərurəti xüsusi vurğulanmışdır.
Məruzə və çıxışlarda belə bir fikir ifadə olunmuşdur ki, şəhər təsərrüfatının bütün sahələrində əldə olunmuş nailiyyətlər davam etdirilməli, əhalinin maddi rifahı yaxşılaşdırılmalı, sosial problemlərin həllinə yönəlmiş tədbirlər dönmədən həyata keçməlidir.