Mingəçevir teatrında uşaqlar üçün interaktiv teatr şousu hazırlanır
Mingəçevir, 9 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir Dövlət Dram Teatrında Yeni il bayramı ilə bağlı uşaqlar üçün interaktiv teatr şousu hazırlanır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rejissor Cavid Təvəkkül məlumat verib. Rejissorun quruluş verdiyi interaktiv teatr şounun rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Gülcahan Yusifovadır. “Teatr şousunun qəhrəmanları balaca tamaşaçılarımızla canlı ünsiyyətdə olacaqlar. Müasir dövrün uşaqlarına öz həmyaşıdlarını göstərəcəyik. Bundan başqa, bayram proqramında Yeni ilin personajları Şaxta baba və Qar qız, həmçinin nağıl qəhrəmanları yer alacaqlar. Düşünürük ki, bu uşaqların marağını daha çox çəkəcək. Məşqlər davam edir”, - deyə rejissor bildirib.
Teatr şousunda rolları aktyorlar Cavidan Abdullayev, Lalə Abışova, Amil Fərzəliyev, Vüsalə Quliyeva və digərləri ifa edirlər. Bayram proqramı dekabr ayının 18-dən 2026-cı il yanvarın 3-dək nümayiş olunacaq.