Mingəçevir Şəhər İcra Hakimiyyətindən
AZƏRTAC-a bildirmişlər ki, 20 Yanvar faciəsinin 16-cı ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən şəhərin bütün ümumtəhsil məktəblərində, elm və mədəniyyət müəssisələrində qanlı qırğına həsr olunmuş siyasi dərslər, ədəbi-bədii gecələr, foto-rəsm sərgiləri, inşa yazı müsabiqələri, xatirə guşələri təşkil edilir, o müdhiş gecənin canlı şahidləri ilə görüşlər keçirilir. Tədbirlərdə yanvar hadisələrinin mahiyyəti, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsində yeri və rolu açıqlanır, yalnız ümummilli liderimiz Heydər Əliyevin səyləri sayəsində 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildiyi vurğulanır.
20 Yanvar prospektində, Şəhidlər xiyabanında, 20 Yanvar abidə kompleksi ətrafında ümumşəhər iməcilikləri keçirilir, abadlıq işləri görülür.
Şəhər Gənclər, İdman və Turizm İdarəsi və təhsil şöbəsi ilə birgə faciə qurbanlarının xatirəsinə idman yarışları təşkil edir.
Şəhidlər xiyabanında ümumşəhər mitinqi keçirilməsi, Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında xalq artisti Zülfüqar Abbasovun “Vətən, Torpaq, Şəhid” musiqili-ədəbi kompozisiyasının göstərilməsi də nəzərdə tutulur.