MİNGƏÇEVİRDƏ NAXÇIVAN MR-in YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
Konfransdan əvvəl tədbir iştirakçıları teatrın foyesində Naxçıvanın keçmişini və müasir həyatını əks etdirən fotosərgiyə baxmışlar.
Şəhər İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı konfransı “Ümummilli liderimiz Heydər Əliyevi Azərbaycana və dünyaya bəxş edən torpaq” mövzusunda çıxışla açmış, sonra Milli Məclisin deputatları Yaqub Mahmudov, Vüqar Rəhimzadə, Anar Axundzadə, Aydın Mirzəzadə və Muxtar Respublikanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Həsən Zeynalovun məruzələri dinlənilmişdir.
Natiqlər Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının tarixi-siyasi, mənəvi əhəmiyyətindən, dahi dövlət xadimi Heydər Əliyevin Muxtar Respublikaya və Azərbaycana rəhbərliyi dövründə Naxçıvanın sosial-iqtisadi tərəqqisindən, onun zəngin çoxəsrlik dövlətçilik tarixindən danışmış, 55 yaşını ötən il qeyd etmiş gənclik şəhəri Mingəçevirdə bu qədim diyarın keçmişinə və bu gününə olan dərin marağın xüsusi əhəmiyyət daşıdığını razılıq hissi ilə vurğulamışlar.
Sonra şəhər bədii özfəaliyyət kollektivlərinin geniş konserti olmuşdur.
Qonaqlar son illər şəhərdə gedən geniş quruculuq və abadlıq işləri ilə tanış edilmişlər.
Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə ümumtəhsil məktəblərində əlamətdar yubiley münasibətilə keçirilmiş inşa yazı və rəsm müsabiqələrinə də həmin gün yekun vurulmuş, qaliblərə xatirə hədiyyələri, fəxri fərmanlar, xüsusi olaraq bu tədbirin iştirakçıları üçün hazırlanmış, üzərində Naxçıvanın tarixi abidələri əks olunmuş bukletlər təqdim edilmişdir.