Mingəçevirdə polis əməkdaşları Xocalı şəhidlərinin xatirəsini yad etmişlər
Mingəçevir, 23 fevral (AZƏRTAC). Mingəçevir şəhərində Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Mingəçevir Şəhər Polis Şöbəsində keçirilmiş tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə şəhər polis şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının Dağlıq Qarabağda xüsusi strateji əhəmiyyətə malik olan Xocalı şəhərini yerlə-yeksan etdiklərini, dinc əhalini misli görünməmiş amansızlıqla qətlə yetirdiklərini xatırlatmışdır. Bildirilmişdir ki, o zaman erməni quldurları tərəfindən Xocalıda xalqımıza qarşı törədilmiş soyqırımı barədə dünya ictimaiyyətinə məlumat verilməmiş, faciənin əsl mahiyyətinə aydınlıq gətirilməmişdir.
Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsi kimi qanlı hadisələrin qarşısına sipər çəkilmişdir. Ulu öndərimizin təşəbbüsü ilə faciəyə hüquqi-siyasi qiymət verilmiş, ümummilli liderin imzaladığı Fərmana uyğun olaraq hər il fevralın 26-sı Xocalı soyqırımı günü kimi qeyd edilir.
Xocalıda törədilmiş qətliamın canlı şahidi olmuş, faciə zamanı bütün ailə üzvlərini itirmiş Baloğlan Allahyarov, ailə üzvləri və qohumları arasından bir neçə şəhid vermiş Çərkəz Orucov qaniçən ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışmış, gözləri qarşısında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirildiyini bildirmişlər. Bu qanlı faciənin əsl mahiyyətinin azərbaycanlılara qarşı soyqırımı olduğunu dünya birliyinə çatdırmaq üçün daha çox işlərin görülməsinin vacibliyi qeyd olunmuşdur. Qarabağ müharibəsində iştirak etmiş polis əməkdaşları şahidi olduqları hadisələrdən söz açmışlar.
Tədbir iştirakçıları Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın məruz qaldığı faciələrin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınacağına, işğal olunmuş torpaqlarımızın qaytarılması məsələsinin beynəlxalq hüquq normalarına uyğun olaraq yaxın vaxtlarda sülh yolu ilə öz ədalətli həllini tapacağına əmin olduqlarını bildirmişlər.