“Miqrasiya könüllüsü” layihəsinə start verilib
Bakı, 4 mart, AZƏRTAC
Bakı Biznes Mərkəzində “Miqrasiya könüllüsü” layihəsinin təqdimat mərasimi keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 200-ə yaxın gənc iştirak edib.
DMX rəisi Vüsal Hüseynov tədbirdə çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərin inkişafı üçün yaradılan şəraitdən bəhs edib. Bildirib ki, Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olan bu sahədə görülən tədbirlərin başlıca amalı milli-mənəvi dəyərlərə sadiq, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması və bu gəncliyin potensialından dövlətin inkişafı naminə düzgün istifadə edilməsidir.
Qeyd olunub ki, layihənin əsas məqsədi gənclərin yeni bilik və təcrübə qazanmalarını, şəxsi inkişaflarını yeni imkanlarla təmin etmək, Xidmətin fəaliyyətinə cəlb etməklə, onları bu sahə ilə daha yaxından tanış etmək imkanı yaratmaqdır. “Miqrasiya könüllüsü- sən fərqlisən!” şüarı ilə fəaliyyətə başlayan layihənin ən üstün cəhəti gələcəkdə həmin gənclərin təkcə könüllü kimi yox, həm də layihələrdə idarəedici liderlər kimi formalaşmalarına dəstək verməkdir.
Xidmət rəisi bildirib ki, gənclər DMX-nin miqrasiya könüllüsü komandasının üzvü olaraq təcrübə əldə edəcək, əcnəbi vətəndaşlarla sıx ünsiyyətdə olacaq, miqrasiya proseslərini yaxından izləyəcək və iştirak edəcək, gələcək karyera üçün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə təcrübə toplayacaqlar. Həmçinin beynəlxalq tədbirlərdə iştirak etmək, eləcə də beynəlxalq təşkilatların fəaliyyəti ilə tanış olmaq və bu prosesdə iştirak imkanı əldə edəcək, yerli və xarici gənclərdən ibarət enerjili komandanın üzvü olacaq və yeni dostlar qazanacaqlar.
Sonra Xidmətin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib. “Miqrasiya könüllüsü- sən fərqlisən!” layihəsinin təqdimatı edilib, layihənin perspektivlərindən və qarşıda duran hədəflərdən danışılıb.
Layihə çərçivəsində miqrasiya könüllülərinin “Facebook” səhifəsi də istifadəyə verilib.
Sonda gənclərin çoxsaylı sualları cavablandırılıb.