Mişel Lolo: Numeada dinc aksiyada saxlanılan fəallarımızın azad olunmalarını tələb edirik
Paris, 28 fevral, AZƏRTAC,
Bu gün Yeni Kaledoniyada baş verənləri hər kəs başa düşür. Matinyon sazişi imzalanandan sonra yaxşı olmayan hadisələr baş verir. Bu gün Kanak xalqı azadlıqla bərabər ona məxsus olan suverenlik hüququnu tələb edir. Ötən həftə Numeada baş vermiş siyasi hadisələrlə bağlı bu gün reallığı əks etdirməyən şayiələr, xəbərlər dolaşır. Bu gün burada - Parisdə siyasi səviyyədə nəyin baş verməsini bilmək vacibdir, xüsusilə də siyasi rəhbərlərin, eləcə də dənizaşırı ərazilər üçün məsul şəxs olan Darmanənin nə etdiyini bilmək vacibdir.
Bu fikirləri Parisdə Milli Assambleyada təşkil edilmiş “Kanaky - Yeni Kaledoniya üçün hansı gələcək?” adlı kollokviumun iştirakçısı və Kana Uşaqları Assosiasiyasının prezidenti Mişel Lolo AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, fevralın 21-də Numeada baş vermiş hadisələrlə bağlı mediada çoxlu şayiələr gəzir.
“Numeada nümayişdə polislə qarşıdurma olub, ancaq bunu Fransadakı nümayişlərlə müqayisə etmək mümkün deyil. Fransada nümayişlər zamanı baş verən dağıdıcı hallar Numeada olmayıb. Nümayişçilər dinc aksiya ediblər. Ancaq fransız polisinin zorakı müdaxiləsi olub və bu zaman 5 fəal saxlanılıb. Bizim bu gün burada iştirakımız həmin fəalların azad olunmalarını tələb etməkdir. Eləcə də hökumətin Kanaky ilə bağlı səsləndirdiyi əsas qanuna iki dəyişiklik edilməsinə etirazımızı bildirməkdir. Kanaky-Yeni Kaledoniyadan heç kim elə bir sənəd imzalamayıb”, - deyə M.Lolo bildirib.