“Mobillik qrantı” müsabiqəsi
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Elm Fondu (AEF) “Mobillik qrantı” müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a fonddan məlumat verilib.
Müsabiqənin məqsədi təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə proqramlarında iştirak etmək, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaqdır.
Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Müsabiqədə iştirak etmək üçün layihələr mayın 17-dən iyunun 15-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin iyul-avqust aylarında açıqlanması planlaşdırılır.
Layihələrin növləri:
- QMTK - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi;
Azərbaycan Elm Fondu 1 ayadək olan təcrübə proqramlarını dəstəkləyir və təcrübəkeçmə ilə bağlı şərtlərdən asılı olaraq (təcrübəkeçmənin baş tutacağı təşkilatla bağlı xərclər Fond tərəfindən ödənilmir) qismən maliyyələşdirilmə də baş tuta bilər.
- XETİ - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə şifahi elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi.
Əlavə məlumatı fondun saytından əldə etmək olar.