Möhtəşəm mənzərəli Kürün sahili həvəskar balıqçılar üçün də ideal məkandır
Mingəçevir, 5 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Kürün bütün gözəlliyi, möhtəşəmliyi və cazibəsi ilə sahilində yer verdiyi Mingəçevir şəhərinin bulvarı çoxsaylı ziyarətçilərlə yanaşı, həvəskar balıqçıların da üz tutduqları əsas yerlərdəndir. Bura gələn müxtəlif yaşlı insanlar Kürün yaratdığı möhtəşəm mənzərəni doyunca seyr etməklə yanaşı, öz hobbiləri ilə də məşğul olurlar. Səhər və axşam saatlarında tilov və ləvazimatları ilə sahil xəttinə üz tutan həvəskar balıqçılar həm balıq tutur, həm də istirahət edirlər.
AZƏRTAC-ın bölgə müxbiri ilə həmsöhbət olan 67 yaşlı Mingəçevir sakini Sahib Əbdülrəhmanov deyir ki, illərdir boş vaxtlarında bu əraziyə gəlir, istirahətini səmərəli keçirir.
“Bura həvəskar balıqçılar üçün də ideal məkandır. Balıq tutmaq zehni rahatlıq, əsəbləri sakitləşdirmək üçün ən yaxşı vasitədir. Balıq mövsümü başlayandan müxtəlif ərazilərdən olan həvəskar balıqçılar öz sevimli hobbisi ilə məşğul olur. Burada saatlarla vaxt keçirməyə dəyər”, - deyə Sahib Əbdülrəhmanov bildirir.
Mingəçevir sakini tutduğu balıqların ləzzəti ilə fərqləndiyini də söyləyir. Sayları isə mövsümdən, yemdən və balıq tutan şəxsin təcrübəsindən asılıdır: “Əsasən şamayı, çapaq, sazan, kütüm kimi Kür çayında yaşayan balıqlar tuturuq. Göl balığından fərqli olaraq, Kürün balığı təmiz və dadlı olur. Burada qış aylarında su donmur, ancaq su soyuq olanda balıqlar dərinə çəkilir. Ona görə, belə havalar daha ideal sayılır. Hər balığın öz yemi var. Balıq tutmaq üçün xəmirdən, çörəkdən, qurdlardan istifadə edirik. Balıqçının səbirli, diqqətli olması da vacibdir. Əldə etdiyimiz qənimət bizi qane etdiyi kimi burada gəzişən dördayaqlıları da qane edir”.
Sahib Əbdülrəhmanov sahil xəttinə balıq üçün üz tutan insanların öz istirahətləri, asudə vaxtlarının səmərəli təşkili, balıq tutmaq istəkləri ilə yanaşı, təbiətə böyük sevgi bəslədiklərini də söyləyir.
“Elə etməliyik ki, gələcək nəsillərimiz də balıq tuta bilsinlər. Balığa təkcə qida kimi yanaşmaq olmaz. Balıqçılıq əyləncə ilə yanaşı, insanın təbiətlə təmasıdır. Çalışırıq ki, balıq tutduğunuz məkanları zibilləməyək. Balıq mövsümünü nəzərə almaq lazımdır. Bir də bura insanların istirahət üçün üz tutduğu yerdir. Gərək tilovu atanda kənardakılara dəyməsin, diqqətli davranasan”, - deyə balıqçı əlavə edib.
Mingəçevirdəki həvəskar balıqçılar Kürün və bulvarın gözəlliyini seyr etməyə gələn turistlərin də diqqətini çəkir. Balıqçılar deyirlər ki, turistlərin fotoaparatının obyektivi onlara az tuşlanmayıb.