“MOİK” FUTBOL KLUBUNUN PREZİDENTİNATİQ ƏLİYEV: SON İKİ İLDƏ FUTBOLUMUZDAOLAN MÜSBƏT DƏYİŞİKLİKLƏRİ DANMAMALIYIQ
Son iki ildə futbolumuzda müsbət işlərin görüldüyünü söyləyən N.Əliyev, buna misal olaraq ölkə çempionatının səviyyəsinin yüksəldiyini, tanınmış legioner futbolçuların klublara cəlb edildiyini, AFFA-nın tərkibində yeni qurumların yarandığını göstərərək, bu işdə AFFA prezidenti Ramiz Mirzəyevin və İcraiyyə Komitəsi üzvlərinin böyük rolunu vurğulamışdır: “On il ərzində əldə edilməyən uğurların bir qisminə son iki ildə nail olunub. Çox böyük işlər görülüb. Biz bunları danmamalıyıq”.
O, eyni zamanda, AFFA-nın noyabrın 30-da keçirilmiş növbədənkənar konfrasında baş verən hadisələrə aydınlıq gətirmişdir: “Mətbuatda gedən məlumatlarda konfransın işinin qalmaqalla nəticələndiyi bildirilir. Əslində, burada qalmaqallı heç bir şey baş verməmişdir. AFFA İK-nın bütün iclaslarında demokratiklik, fikir açıqlığı mövcuddur... Bununla belə, çatışmazlıqlar da var. Ramiz Mirzəyevə heç kimin iradı yoxdur. O, təcrübəli, ağıllı, demokratik fikirli bir insandır... Heç kəs İK-nın üzvlüyündən istefa verməyib. Sadəcə, fikir ayrılığı mövcud olub. Biz hamımız dövlətə xidmət edirik. Prezident İlham Əliyevin idman siyasətinin icraçılarıyıq.”
Prezidentin Sərəncamı ilə Azərbaycanda futbolun inkişafına dair dövlət proqramının qəbul olunmasının çox böyük əhəmiyyətini vurğulayan N.Əliyev, ölkədə bədən tərbiyəsinə, idmana, Olimpiya hərəkatına göstərilən yüksək qayğının futbolda da əksini tapmasını arzulamışdır.
Sonda N.Əliyev rəisi olduğu klubun 2005-ci ildə idman yekunlarına toxunaraq, kifayət qədər uğurlu nəticələrin əldə edildiyini, əsas məqsədin isə Pekin Olimpiya Oyunlarına layiqli idmançılar hazırlamaq olduğunu söyləmişdir. Bu ildən MOİK-də yeni idman növlərindən bədii gimnastika bölməsi fəaliyyət göstərir. Hazırda klubun kikboksçuları Gürcüstanda, boksçuları isə İranda müxtəlif turnirlərdə çıxış edirlər. 2005-ci ildə MOİK-in üzvü olan idmançılar vətənə 98 medal, o cümlədən 28 qızıl, 32 gümüş, 38 bürünc medal qazandırmışlar.
O, MOİK futbol klubunun bu mövsümdə uğursuz çıxış etməsinə baxmayaraq, güclülər dəstəsində mövqeyinin qorunub saxlanacağına, gələn ildən isə komandada əsaslı dəyişikliklərin ediləcəyinə söz vermişdir.