Moldova TƏBİB və icbari tibbi sığortanın tətbiqi təcrübəsini öyrənməkdə maraqlıdır
Bakı, 13 aprel, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikası Parlamentinin sosial müdafiə, səhiyyə və ailə işləri üzrə komissiyasının sədri Dan Perçunla görüşüb. Görüşün əsas məqsədi səhiyyə sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi olub.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.
TƏBİB-in icraçı direktoru bu səfərin və görüşün iki ölkə arasında səhiyyə sahəsində münasibətlərin dinamik inkişafına təkan verəcəyinə inandığını qeyd edib: “Əminəm ki, bugünkü görüş Azərbaycan-Moldova arasında səhiyyə sahəsində əlaqələrin inkişafında mühüm mərhələ olacaq, bir çox önəmli məsələlərin həllinə kömək edəcək”.
V.Qurbanov TƏBİB-in fəaliyyəti ilə bağlı nümayəndə heyətini məlumatlandırıb. Tabeli tibb müəssisələrində tibbi xidmətin təşkili və keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlərdən, icbari tibbi sığorta sisteminin tətbiqindən, TƏBİB-ə tabe olan tibb müəssisələrinin icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılmasının mexanizmlərdən ətraflı bəhs edib.
Moldova Respublikası Parlamentinin sosial müdafiə, səhiyyə və ailə işləri üzrə komissiyasının sədri Dan Perçun isə yeni və mütərəqqi bir səhiyyə modeli kimi TƏBİB və icbari tibbi sığortanın tətbiqi təcrübəsini öyrənməkdə maraqlı olduqlarını dilə gətirib: “Azərbaycanda tibb müəssisələrinin idarəolunması, səhiyyə sahəsində gördüyünüz işlərlə daha yaxından tanış olmaq üçün qarşılıqlı səfərlərin keçirilməsini istərdik. Bu, tibb işçilərimizin icbari tibbi sığortanın tətbiqi ilə əlçatan tibbi xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan təcrübəni yerində öyrənmələrinə kömək edəcək”.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən parlamentari Moldova ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinin və səhiyyə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.