Monqolustan parlamentində “Gender problemi “Koroğlu” dastanları kontekstində” mövzusunda məruzə dinlənilib
Bakı, 21 iyun, AZƏRTAC
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Monqolustanın paytaxtı Ulan-Batorda “Gender və dayanıqlılıq” mövzusunda keçirilən Trans-Altay Dayanıqlılıq Dialoqunda iştirak edib.
Monqolustan parlamentində (Böyük Xalq Xuralı) keçirilən beynəlxalq tədbirlə bağlı AZƏRTAC-a açıqlama verən Aynur İbrahimova bildirib ki, Trans-Altay Dayanıqlılıq Dialoqu Böyük Xalq Xuralının rəhbəri Qombojav Zandanşatar, Koreya Respublikasının parlament spikeri Kim Young-joo, Asiya-Pasifik Araşdırma Mərkəzinin direktoru Valter H.Şorenstein, Stanford Universiteti Elmi şurasının sədri Gi-Vook Shin və BMT-nin 8-ci Baş katibi Pan Gi Munun çıxış nitqləri ilə açıq elan olundu. Tədbir “Trans-Altay tədqiqatları üzrə beynəlxalq perspektivlər”, “Qadınların səlahiyyətlərinin artırılması və liderliyi”, “Əmək bazarında gender bərabərliyi”, “Təhsil və təlimdə gender bərabərliyi”, “Gender əsaslı zorakılıq və insan hüquqları”, “Gender bərabərliyi və davamlı inkişaf” adlı panel iclasları ilə davam etdi.
“Trans-Altay tədqiqatları üzrə beynəlxalq perspektivlər” panelində Monqolustanın parlament sədri Qombjav Zandanşatar, Monqolustanın sabiq Prezidenti Enkhbayar Namba, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və akademik ictimaiyyətin tanınmış nümayəndələri çıxış etdilər. Paneldə mən də “Gender problemi “Koroğlu” dastanları kontekstində” mövzusunda məruzə etdim. Cəmiyyətimizdə prioritet olan gender münasibətlərinin dastanda qorunmasından, qadına münasibətin ən ali formasının yaradılmasından, təsvir olunan qadın obrazlarının mövqeyindən, onların öz mübarizliyi ilə yüksəlişi izləməyə imkan verməsindən danışdım. Əcdadlarımızın silinməz izlərini daşıyan Altayın Türk dünyasındakı yerindən söz açdım, xalqlarımız arasındakı münasibətlərin möhkəmlənməsinə və müştərək dəyərlərə yenidən işıq salacağına inanaraq, ortaq dastanlarımızın yenidən tədqiqata alınmasına böyük ehtiyac olduğunu qeyd etdim”, - deyə o bildirib.
A.İbrahimova mədəni tədbirlər çərçivəsində iştirakçılar üçün Terelj Milli Parkına gəzinti təşkil edildiyini, monqol milli güləşi, oxatma, at yarışı və yarış qaliblərinin mükafatlandırılması mərasiminin keçirildiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, hər il Asiyada keçirilən Trans-Pasifik Dayanıqlılıq Dialoqunun subregional tədbiri olan Trans-Altay Dayanıqlılıq Dialoqu dayanıqlı inkişaf gündəliyinə töhfə vermək məqsədi daşıyır. Dialoqda Trans-Altay bölgəsinin mədəniyyəti, tarixi və adət-ənənələri müzakirə olunaraq gələcək ortaq əməkdaşlığa hədəflənir.