Moskva vilayətinə dron hücumu nəticəsində səkkiz yaşlı qız ölüb
Moskva, 19 iyun, AZƏRTAC
İyunun 18-də Moskva vilayətinin Jukovski şəhərinə dron hücumu nəticəsində səkkiz yaşlı qız ölüb. Həmçinin Moskva vilayətinin bir neçə şəhər dairəsində 18 çoxmənzilli binaya ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov açıqlama verib.
O, uşağın dron hücumundan sonra baş verən yanğında öldüyünü bildirib. Hücum zamanı qız evdə nənəsi ilə birlikdə olub. Onun nənəsi xəsarət almayıb.
Andrey Vorobyov bildirib ki, Moskva vilayətinə hücum nəticəsində Kotelnikidə 13, Lyubertsıda iki, Ramenskoye, Jukovski və Balaşixada isə üç olmaqla, cəmi 18 çoxmənzilli binaya ziyan dəyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva