MOSKVADA AZƏRBAYCAN VƏ RUSİYA DİNİ LİDERLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Dostluq və mehriban qonşuluq əlaqələrinin yüksək səviyyədə saxlanmasına, xalqlarımız arasında qarşılıqlı münasibətlərin daha da fəallaşdırılmasına tərəfdar çıxdıqlarını bildirən dini liderlər həm xristian və müsəlman icmalarının başçıları, həm də iki konfessiya arasında qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu vurğulamışlar. Şeyxülislam Allahşükür Paşazadə demişdir: “Bizi yüksələn xətlə inkişaf edən səmimi dostluq münasibətləri birləşdirir, bu cür görüşlər isə qarşılıqlı anlaşmanı daha da möhkəmləndirir və dərinləşdirir. Bizim müntəzəm görüşlərimiz xalqlarımızın mənən yaxınlaşmasına, cəmiyyətdə sülhə və əmin-amanlığa kömək edəcəkdir”. A.Paşazadə bu ilin yayında Moskvada keçirilən dinlərarası forumun yüksək səviyyədə təşkilinə görə Moskvanın və Bütün Rusiyanın Patriarxına təşəkkürünü bildirmişdir.
İkinci Aleksi bildirmişdir ki, dini liderlər arasında dialoq qarşılıqlı anlaşma və əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir. O, dini liderlərin Moskva görüşünün keçirilməsində iştirakına və yardıma görə A.Paşazadəyə təşəkkürünü bildirərək, bu cür forumların gələcəkdə də keçirilməsinin vacibliyini vurğulamışdır.
Azərbaycandakı xristian icmasının özünü çox rahat hiss etdiyini bildirən Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata respublikada pravoslavlığa və digər konfessiyalara, bütün dinlərin nümayəndələrinin normal fəaliyyətinin, tolerantlığın təmin edilməsinə böyük önəm verən Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolunu diqqətə çatdırmışdır.
Tərəflər konfessiyalararası dialoqun inkişafı üçün yüksək səviyyədə görüşlərin xüsusi əhəmiyyətini bir daha vurğulayaraq bildirmişlər ki, ötən forum zamanı dostluq və qarşılıqlı anlaşma şəraitində iclaslar və çoxlu qeyri-rəsmi görüşlər də keçirilmişdir. Söhbət zamanı region ruhanilərinin və müxtəlif ölkələrdən gələn qonaqların iştirakı ilə dini liderlərin beynəlxalq konfransının keçirilməsi məsələsinə də toxunulmuşdur.