Moskvada elektroenergetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Bakı, 4 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Enerji Şurasının 44-cü iclasında iştirak etmişdir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilmişdir ki, iclasda energetika nazirləri payız-qış dövrünə hazırlıq məsələlərini müzakirə etmişlər.
İclasda iştirak edən dövlətlərin nümayəndə heyətlərinin başçıları öz ölkələrinin elektrik enerjisi sahələrinin inkişafının prioritetləri haqqında məruzələrlə çıxış etmişlər. Həmçinin iclas iştirakçıları qlobal energetika bazarlarında olan dəyişiklikləri, Dünya Enerji Konqresinin (WEC) nəticələrini, həmçinin ikitərəfli layihələrin reallaşdırması və elektroenergetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.
Nümayəndə heyətlərinin rəhbərləri investisiya və birgə layihələrin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları, öz ölkələrində elektrik enerjisi sənayesinin inkişafının istiqamətləri və prioritetləri barədə təqdimatlar keçirmişlər.
Tədbirdə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak iki il müddətinə MDB Enerji Şurasının sədri seçilmişdir.