MOSKVADA FİFA VƏ AFFA PREZİDENTLƏRİNİN GÖRÜŞÜ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 15-də Moskvada MDB ölkələrinin futbol üzrə çempionları arasında Birlik Kuboku uğrunda turnir başlanmışdır. Bununla əlaqədar AFFA prezidenti Ramiz Mirzəyev Moskvaya gəlmişdir. FİFA prezidenti Yozef Blatter və məşhur fransız futbolçusu Mişel Platini də Rusiya paytaxtındadırlar.
Yanvarın 15-də “Metropol” mehmanxanasında FİFA və AFFA prezidentlərinin görüşü olmuşdur. Görüşdə Azərbaycan futbolunun indiki vəziyyəti müzakirə edilmişdir. R.Mirzəyev FİFA prezidentinə Azərbaycan futbolunun ötənilki nailiyyətləri, milli futbolun inkişafı üçün AFFA rəhbərliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir. O, futbolun və ümumən, idmanın inkişafına dövlətin, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlıq etdiyini və ciddi dəstək verdiyini ayrıca vurğulamışdır.
Yozef Blatter AFFA-nın Azərbaycan futbolunun inkişafı sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirmiş və bu məsələnin Azərbaycan Prezidentinin diqqət mərkəzində olmasından məmnunluğunu söyləmişdir. O, Bakıya səfəri zamanı Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif olunmasına, çoxillik fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə dövlətimizin başçısı İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir. FİFA-nın başçısı demişdir ki, respublikaya səfəri zamanı milli futbolun vəziyyəti ilə tanış olaraq, idmanın bu növünə dövlət səviyyəsində qayğı və kömək göstərildiyini, ölkə rəhbərinin xüsusi himayəsini şəxsən hiss etmişdir. O, AFFA-nın fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycan futbolunda irəliləyiş olduğunu vurğulamış və ümidvar olduğunu bildirmişdir ki, yaxın gələcəkdə Azərbaycan futbolu dünya miqyasına çıxacaq və planetin adlı-sanlı komandaları arasında layiqli yer tutacaqdır.
Danışıqlardan sonra Y.Blatter jurnalistlərə müsahibəsində bildirmişdir ki, Azərbaycan futbolu sürətli addımlarla inkişaf edir, Azərbaycan komandasının onun da izlədiyi İngiltərə və İrlandiya yığmaları ilə görüşləri yaxşı perspektivlərdən, Azərbaycanda idmanın bu növünün dünya standartlarına yaxınlaşdığından xəbər verir. Karlos Alberto Torresin yığma komandaya baş məşqçi dəvət olunması Azərbaycan futbolunun səviyyəsinin yüksəlməsinə kömək etmişdir. Y.Blatter ölkəmizə uğurlu səfərini də məmnunluqla xatırlamış və “Şöhrət” ordeninə layiq görülməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür edərək demişdir: “Mən bu ordenlə təltif olunmağımı öz şəxsi nailiyyətim deyil, ümumən, FİFA-nın fəalıyyətinə verilmiş qiymət hesab edirəm. Azərbaycanda səmimi və mehriban qəbula görə respublika Prezidentinə və bütün Azərbaycan xalqına təşəkkür edirəm”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva