MOSKVADA POSTSOVET MƏKANINDA MİQRASİYA PROSESLƏRİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Vilayət Eyvazov postsovet məkanında miqrasiya problemlərinə həsr olunmuş müşavirənin yekunlarını şərh edərək demişdir ki, Azərbaycan nümayəndə heyətinin səfəri, ilk növbədə, tanışlıq xarakteri daşıyırdı. Məlumdur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ötən il Azərbaycan DİN yanında miqrasiya xidməti yaradılmışdır. Miqrasiya xidmətinin mərkəzi binası və qeyri-leqal miqrantlarla iş üzrə təhlil mərkəzi qısa müddətdə tikilərək istifadəyə verilmişdir. Biz müşavirədə Rusiya FMX-nin işi ilə tanış olduq və demək lazımdır ki, o, bəzi parametrlərə görə Azərbaycanda yaradılan şəraitdən geri qalır. Sevindirici haldır ki, biz uğurla fəaliyyət göstərən miqrasiya xidmətini qısa müddətdə təşkil edə bilmişik. Lakin Rusiyanın əcnəbi miqrantlarla iş üzrə müəyyən iş təcrübəsi var və Moskvaya səfərimizdən məqsəd rusiyalı həmkarlarımızla təcrübə mübadiləsi aparmaqdır ki, bu da miqrasiya sistemimizin təkmilləşdirilməsi üçün vacibdir. Bütövlükdə, Rusiya ilə müqayisədə, Azərbaycanda miqrantlarla işin təşkili vəziyyəti pis deyildir, bəzi istiqamətlərdə isə hətta yaxşıdır. Məsələn, qeyri-leqal miqrantların yerinin müəyyənləşdirilməsi və onların gəldikləri ölkələrlə sıx əlaqələr saxlanılması məsələlərində Azərbaycan daha operativ və nizamlı işləyir.
V.Eyvazov bildirmişdir ki, RF FMX-nin başçısı K.Romadanovski ilə işgüzar məsləhətləşmələr zamanı azərbaycanlı miqrantlarla bağlı məsələlər də müzakirə olunmuşdur. Vurğulanmışdır ki, Rusiya ilə Azərbaycanı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən xüsusi münasibətlər bağlayır. Ölkələrimiz arasındakı bu səmimi və mehriban qonşuluq münasibətləri bütövlükdə Rusiyadakı həmvətənlərimizə olan münasibətə də təsir göstərir. V.Eyvazov demişdir: “Mən tam əminəm ki, Azərbaycan Prezidentinin Rusiya ilə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə yönəldilmiş siyasəti sayəsində azərbaycanlı miqrantların problemləri həll ediləcək, onların mənafeləri lazımi səviyyədə müdafiə olunacaqdır”. Nazir müavininin fikrincə, son illər Azərbaycanın daxili işlər naziri R.Usubov və Rusiyanın daxili işlər naziri R.Nurqaliyev arasında yaranmış qarşılıqlı səmimi münasibətlər də RF-də yaşayan həmvətənlərimizin vəziyyətinin yaxşılaşmasına kömək edəcəkdir.
V.Eyvazovun fikrincə, Rusiya ərazisində qeydiyyataalma proseduralarına və yaşama qaydalarına dair bu ölkənin qanunvericiliyinə riayət edilməsinin zəruriliyi haqqında həmvətənlərimizi məlumatlandırmaq istiqamətində fəaliyyəti gücləndirmək lazımdır.
Moskvada keçirilmiş müşavirədə miqrasiya proseslərini yoluna qoymağa, qanunsuz miqrasiya ilə mübarizə tədbirlərini əlaqələndirməyə, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair konstruktiv dialoq və faydalı fikir mübadiləsi aparılmışdır.