MOSKVADA TÜRK FOTOQRAFININ SƏRGİSİ AÇILACAQ
Ara Gülər 1928-ci ildə İstanbulda doğulmuşdur. Hazırda Türkiyənin ən məşhur fotoqrafı sayılan Gülərin şöhrəti artıq çoxdan öz ölkəsinin sərhədlərini aşmışdır. O, fotojurnalist karyerasına 1950-ci ildə “Yeni İstanbul” qəzetində başlamış, 1956-cı ildə “Time-Life” (ABŞ), 1958-ci ildə isə “Pari-matç” (Fransa) və “Ştern” (AFR) nəşrlərinin fotojurnalisti işləmişdir. Təxminən elə bu vaxtlar “Maqnum” fotoagentliyinin üzvü olmuşdur. Britaniya fotoqrafiya jurnalının 1968-ci il üçün sorğu kitabında Gülərin adı dünyanın 7 ən yaxşı fotoqrafının adları sırasında çəkilmişdir. 1962-ci ildə “Leyka” ustası” mükafatı almışdır (“Leyka” fotoaparatdır). Gülər dünyada yüzlərlə sərgidə iştirak etmişdir. O, Bertran Rassel, Uinston Çörçill, Arnold Toynbi, Pablo Pikasso və Salvador Dali kimi bir çox məşhur adamlardan müsahibə götürərək, onların fotoşəkillərini çəkmişdir. Ara Gülərin işləri Fransa Milli Kitabxanasının, Nebraska Universitetinin Şeldon kolleksiyasında, Boston, Çikaqo və Nyu-Yorkdakı şəxsi kolleksiyalarda saxlanılır, Kölndəki Lüdviq muzeyində nümayiş olunur.
Sənətkarın anadan olmasının 77-ci ildönümü münasibətilə İstanbuldakı Foto Evində onun retrospektiv sərgisi açılmışdır.
Bəs onu başqa fotojurnalistlərdən hansı keyfiyyətləri fərqləndirir? Onun işlərini ilk baxışdan tanımaq mümkündürmü? Onların fərqləndirici cəhətləri hansılardır? Cavab: onun vəziyyətin mahiyyətini həkk etməyə imkan verən estetikası, həssaslığıdır. Qısaca demək olar ki, onun şəxsi üslubu güclü fotoqrafik görünüşü əks etdirir. Ara Gülərin adı 1950-ci illərin ortalarından başlayaraq, təkraredilməz üslubun sinonimi olmuşdur.