MSK Katibliyinin nümayəndəsi: Milli Məclisə seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayrılır
Şəki, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bildiyiniz kimi, ölkəmiz çox mühüm tarixi hadisə ərəfəsindədir. Noyabrın 1-də V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcək. Seçkilərin hazırlanması və keçirilməsi dövründə Mərkəzi Seçki Komissiyası (MSK) bir çox maarifləndirmə tədbirləri həyata keçirib. Bugünkü seminarımız da MSK-nın maarifləndirmə proqramı çərçivəsində reallaşıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri MSK Katibliyinin hüquq şöbəsinin müdiri İradə Hacıyeva qurumun Daxili İşlər Nazirliyi ilə birgə Şəkidə keçirdiyi zona seminar-müşavirəsində jurnalistlərə müsahibəsində deyib.
İndiyədək MSK-nın Avropa İttifaqı ilə birgə layihə çərçivəsində namizədlərin irəli sürülməsi və qeydiyyatı prosedurları, vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərə baxılması və digər məsələlərlə bağlı maarifləndirmə tədbirlərinin keçirildiyini xatırladan MSK-nın nümayəndəsi dairə seçki komissiyalarının sədrləri və polis əməkdaşları üçün təşkil edilən bugünkü seminar-müşavirənin də maarifləndirmə proqramının davamı olduğunu diqqətə çatdırıb.
İradə Hacıyeva bildirib ki, Milli Məclisə seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayrılır: “Bu proqramların seçki hüququnun həyata keçirilməsində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyəti var”.