“Müasir Azərbaycan folklorşünaslığı” kitabının ikinci cildi nəşr olunub
Bakı, 12 yanvar, AZƏRTAC
Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyun “Müasir Azərbaycan folklorşünaslığı” kitabının II cildi nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kitabda müəllifin müasir Azərbaycan folklorşünaslığında sənətkar, mətn və mühit məsələlərinə dair aparılmış tədqiqatlar haqqındakı resenziyaları toplanıb. Ayrıca məqalələr, yaxud kitablara yazılmış müqəddimələrdən ibarət olan folklorşünaslıq resenziyalarının hamısını bir neçə əsas xüsusiyyət birləşdirir. Birincisi, bu yazılar müəllifin müstəqillik dövrü Azərbaycan folklorşünaslığı üzərində apardığı ardıcıl müşahidələrini əks etdirir. İkincisi, professorun resenziyaları həsr olunduğu problemin tarixi və bu günü baxımından qiymətləndirilib. Üçüncüsü, müəllif bu resenziyalarda təqdim etdiyi əsərlərin probleminə öz fərdi elmi baxışlarını da əlavə edib. Bu da resenziyaları Azərbaycan folklorşünaslığının müasir inkişaf dinamikasını əks etdirən vahid baxış sistemi kimi bir kitabda birləşdirməyə imkan verib.
Folklor İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan nəşrin redaktoru və “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımovdur.
Qeyd edək ki, Seyfəddin Rzasoyun “Müasir Azərbaycan folklorşünaslığı” kitabının I cildi 2013-cü ildə işıq üzü görüb.