“Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans keçirilib







Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi konfransda direktor müavini dosent Ruhəngiz Cümşüdlü Azərbaycan qadınının cəmiyyət həyatında qazandığı uğurlardan, elm sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb.
Şərqşünaslıq İnstitutunun Qadınlar təşkilatının sədri dosent Xanımzər Kərimova çıxışında STEM-in dünya elminin və təhsilinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
Elmi konfransda Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Sevinc Nuriyeva “Azərbaycan qadınları müasir cəmiyyətimizin aparıcı qüvvələri kimi”, aparıcı elmi işçi Lalə Mikayılzadə “Qadınların texnologiya və innovasiya sahəsinə töhfələri”, elmi işçi Solmaz Namazova “Azərbaycan qadınlarının tibb elminə töhfələri: tarix və müasirlik”, dissertant Könül Şimiyeva “Müasir Azərbaycan qadınının təhsildə rolu” mövzusunda məruzə ediblər.
Tədbirin sonunda AMEA-nın Qadınlar Şurasının sədr müavini Mahrux Nəcəfli konfransın işini, eləcə də Şərqşünaslıq İnstitutunun qadın alimlərinin, Qadınlar Şurasının fəaliyyətini yüksək qiymətləndirib.