Müdafiə Nazirliyi: Sosial şəbəkə istifadəçiləri tərəfindən yanlış xəbərlərin yayılması yolverilməzdir
Bakı, 19 aprel, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun guya minaya düşərək həlak olması və yaralanması ilə bağlı sosial şəbəkələrdə və Ermənistan KİV-lərində yayılan xəbərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, cəbhə xəttində baş verən son hadisələr zamanı şəhid olanlar və yaralananlar barədə məlumatlar, onların adları, soyadları, eləcə də hərbi sahədə dövlət sirri təşkil edən digər məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məqsədyönlü surətdə toplanılaraq paylaşılır. Bəzi KİV-lər isə rəsmi məlumatlardan da başqa sosial şəbəkələrdə yayılan yanlış və dəqiqləşdirilməmiş xəbərlərdən istifadə edirlər ki, bu da məqsədəuyğun deyil.
“Həbib Mütəzir” adlı sosial şəbəkə istifadəçisi guya üç hərbi qulluqçumuzun şəhid olması və bir nəfərin yaralanması barədə növbəti dəfə kobud səhvlərə yol verərək qeyri-dəqiq xəbəri “Facebook” səhifəsində paylaşıb. Onun bu hərəkəti düşmən tərəfinin maraqlarına xidmət etməklə yanaşı, əksər hallarda erməni kəşfiyyatının Silahlı Qüvvələrimiz haqqında məlumat əldə etməsinə kömək göstərir və qarşı tərəfin işini xeyli asanlaşdırır.
Belə hallar qəti surətdə yolverilməzdir. Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrini, ictimaiyyətin nümayəndələrini və sosial şəbəkələrin istifadəçilərini belə hallara qarşı mübarizədə həmrəy olmağa və bunun qarşısının alınması üçün fəal iştirak etməklə vətəndaşlıq mövqeyini nümayiş etdirməyə çağırır.
Diqqətinizə bir daha çatdırırıq ki, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.