ELM VƏ TƏHSİL
Müəllim seçimində “Bir” tələbə-könüllü dəstəyi davam edir
Bakı, 21 avqust, AZƏRTAC
“Bir” tələbə-könüllülər müəllimlərin işə qəbulu müsabiqəsində dəstək fəaliyyəti göstərməyə davam edirlər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Bakı və Sumqayıt şəhərlərində keçirilən test mərhələsinin təşkilində 66 tələbə-könüllü nəzarətçi qismində fəaliyyət göstərir. Pandemiya şəraitinə uyğun həyata keçirilən test mərhələsində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Onlayn keçirilən seçim və müsahibə mərhələlərindən sonra 66 tələbə-könüllü seçilib, xüsusi təlimlərdə iştirak edib.
Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 mindən çox üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.