Müəllimlər üçün yeni müsabiqəyə start verilib
Bakı, 10 fevral, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Onlayn dərs” müsabiqəsinə start verilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqə qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir.
İki mərhələdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunacaq. Hər müəllim yalnız bir onlayn dərs modeli ilə müsabiqədə iştirak edə bilər.
Məktəbdaxili mərhələdə hər təhsil müəssisəsi üzrə 3 ən yaxşı onlayn dərs modeli seçilərək [email protected] elektron ünvanına göndəriləcək. Martın 15-dən aprelin 15-dək keçirilməsi planlaşdırılan müsabiqənin şəhər mərhələsində məktəblər üzrə ən yaxşı onlayn dərs modelləri seçiləcək.
Müsabiqənin nəticələrinə əsasən, ibtidai siniflər kateqoriyası üzrə 3 onlayn dərs tədris edən müəllim birinci, 3 onlayn dərs tədris edən müəllim ikinci, 3 onlayn dərs tədris edən müəllim üçüncü, yuxarı sinif kateqoriyası üzrə isə 5 onlayn dərs tədris edən müəllim birinci, 5 onlayn dərs tədris edən müəllim ikinci, 5 onlayn dərs tədris edən müəllim üçüncü yerlərə layiq görüləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə fəal iştirakına görə 15 onlayn dərs tədris edən müəllimə tərifnamə təqdim olunacaq.