ELM VƏ TƏHSİL
“Mühəndislik təfəkkürünün təkamülü” elmi-fəlsəfi traktatının təqdimatı olub









Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Mühəndislik Akademiyası Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) ilə birgə Ümumdünya Mühəndislik Günü münasibətilə tədbir keçirib.
Bu barədə AZƏRTAC-a Mühəndislik Akademiyasından bildirilib. Tədbirdə Milli Aviasiya Akademiyasının, Azərbaycan Texniki Universitetinin nümayəndələri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən olan akademiyanın üzvləri, mühəndislik fəaliyyətində fərqlənən tələbələr və digər qonaqlar, eləcə də jurnalistlər iştirak ediblər.
Tədbirdə professor Əhəd Canəhmədov Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayevin salamlarını və təbrikini tədbir iştirakçılarına çatdırıb.
Sonra Əhəd Canəhmədov “4 Mart – Ümumdünya Mühəndislik Günüdür” mövzusunda məruzə edib.
Daha sonra rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, “Azərkosmos” İdarə Heyətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov da çıxış edərək mühəndisləri təbrik ediblər.
Tədbir çərçivəsində dünyaşöhrətli azərbaycanlı alim, mexanik-filosof, texnika elmləri doktoru professor Əhəd Canəhmədovun “Mühəndislik təfəkkürünün təkamülü” adlı elmi-fəlsəfi traktatının təqdimatı olub. Qeyd edək ki, nəşrin elmi redaktoru Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevdir.
Tədbirdə hər ali məktəbdən bir neçə tələbə aktiv mühəndislik fəaliyyətinə görə sertifikatla təltif olunub, onlara hədiyyələr təqdim edilib.