Muhiddin Yassin: Kuala Lumpur metrosunda qatarların toqquşmasına görə ciddi tədbirlər görüləcək
Tokio, 25 may, AZƏRTAC
Malayziyanın Baş naziri Muhiddin Yassin bəyan edib ki, mayın 24-də axşam Kuala Lumpur metrosunda iki qatarın toqquşması nəticəsində 210-dan çox sərnişinin xəsarət alması ilə əlaqədar ciddi tədbirlər görüləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 25-də CNA telekanalı məlumat yayıb.
Malayziya hökumətinin başçısı müvafiq qurumlardan hadisənin hərtərəfli təhqiqatının aparılmasını tələb edib. M.Yassin vəd edib ki, bu hadisə ilə əlaqədar ən kəskin tədbirlər görüləcək.
Nəqliyyat naziri Vi Ka Sion isə qəzanın son 23 ildə Malayziya metrosunda baş verən ən ağır hadisə olduğunu bildirib. Nazir, həmçinin əlavə edib ki, hadisə nəticəsində 47 nəfər ağır xəsarət alıb. Ümumilikdə isə 213 sərnişin zərər çəkib.
Kuala Lumpur metrosunun operatoru olan “Prasarana Malaysia” şirkəti də mayın 25-də səhər qəzanın baş verdiyi xətdə hərəkətin qismən bərpa olunduğunu, qatarların yalnız bir xətt üzrə hərəkət etdiyini bildirib. Buna görə də hərəkət zamanı böyük ləngimələrin olacağı ifadə edilib. Şirkət qəzanın nəticələrinin yaxın üç gündə aradan qaldırılacağını açıqlayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio