Multikulturalizm Mərkəzi qış məktəbinə start verib
Bakı, 11 mart, AZƏRTAC
Mart ayının 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Sabahın liderləri: Gənclər “sivilizasiyaların toqquşması”na qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinə start verib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qış məktəbinin ilk günü iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra qış məktəbinin iştirakçıları ilə görüşən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov bildirib ki, Qış və Yay Beynəlxalq Multikulturalizm məktəbləri Mərkəzin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələri də əhatə edir. O vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir artıq ənənə halı alıb. Məktəbdə iştirak edən əcnəbi tələbələr Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar. İcraçı direktor iştirakçılara Azərbaycandakı multikultural mühit, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, qış məktəbi ərzində iştirakçılara “Azərbaycanda mədəniyyətlərin dialoqu və dinlərarası harmoniya”, “Multikulturalizmin Azərbaycan modeli sivilizasiyaların toqquşmasına cavab kimi”, “Müasir cəmiyyətdə dözümsüzlük problemi: ksenofobiya, islamofobiya, irqçilik” mövzularında mühazirələr, “Sivilizasiyaların toqquşması, yoxsa dialoq?” mövzusunda seminar keçiriləcək.
Qeyd edək ki, martın 11-dən 17-dək davam edəcək qış məktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunacaq. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verəcəklər.
Qış məktəbi Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarında da fəaliyyət göstərəcək.
XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan və Qazaxıstandan 20-dən çox tələbə iştirak edir.
Xatırladaq ki, Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.