Murad Muradov: Vaşinqton sammiti böyük bir uğurun və irəliləyişin nümunəsi kimi qiymətləndirilə bilər
Bakı, 18 noyabr, AZƏRTAC
Yeni dünyamızda əvvəlki yanaşmalar artıq səmərəli olmur, çünki qlobal reallıqlar və geosiyasi çağırışlar yeni strategiyalar və fərqli baxışlar tələb edir. Keçmişin modelləri bu günün dinamik və mürəkkəb dünyasında işləməyəcək. Bu baxımdan, Vaşinqton sammiti xüsusi əhəmiyyət kəsb edir. O, özlüyündə böyük bir uğurun və irəliləyişin nümunəsi kimi qiymətləndirilə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunun “Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesi” mövzulu sessiyasında Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov deyib.
O qeyd edib ki, sammit Azərbaycan, Ermənistan və ABŞ olmaqla hər üç ölkə üçün strateji fürsətlər yaradıb. “Düşünürəm ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasından sonra regionda sabitlik təmin ediləcək və bunun nəticəsində hər iki ölkəyə xarici investorların daha geniş şəkildə cəlb edilməsi mümkün olacaq. Artıq həyata keçirilə biləcək real layihələr mövcuddur və bu layihələr iqtisadi əməkdaşlığı genişləndirmək, infrastrukturun inkişafını sürətləndirmək və regional inteqrasiyanı gücləndirmək potensialına malikdir. Belə bir mühit həm də siyasi dialoqun dərinləşməsinə imkan yaradır. Davamlı sülh və əməkdaşlıq prosesləri regiondakı bütün tərəflərin faydasına olacaq və Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da artıracaq. Bu fürsət hər iki ölkə üçün yalnız iqtisadi deyil, həm də diplomatik və strateji baxımdan yeni imkanlar açır”, - deyə M.Muradov vurğulayıb.