MÜTƏŞƏKKİL CİNAYƏTKAR DƏSTƏLƏR ZƏRƏRSİZLƏŞDİRİLİR
Respublika Baş Prokurorluğundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il noyabrın 27-də Qusar rayonunun mərkəzində yerləşən “Aynur” qızıl mağazasına silahlı basqın zamanı satıcı A.Səfərovun tapançadan açılmış atəşlə öldürülməsi və külli miqdarda qızıl zinət məmulatının oğurlanması faktına görə başlanmış cinayət işi davam etdirilir. Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılan istintaqın gedişində həmin cinayətin 1998-ci ildən axtarışda olan və Balakən-Zaqatala rayonları ərazisində 4 nəfər şəxsin, o cümlədən 3 nəfər polis əməkdaşının qətlə yetirilməsində əli olan Valeh Muradovun rəhbərlik etdiyi cinayətkar dəstə tərəfindən törədildiyi tam sübuta yetirilmişdir. O və dəstənin fəal üzvlərindən biri olan Nizam İsayev keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiklərinə görə məhv edilərək zərərsizləşdirilmiş, çoxsaylı digər ağır cinayətlər törətmiş dəstənin 8 nəfər üzvü barədə ibtidai araşdırma yekunlaşdırılmış və həmin şəxslər məhkəmə tərəfindən məhkum olunmuşlar.
Cinayətkar dəstənin axtarışda olan daha iki üzvü – Murad Qurbanov və Əhməd Ömərov ötən ilin sentyabr-oktyabr aylarında tutulmuşlar. Onlar tərəfindən daha 5 quldurluq və 6 oğurluq hadisəsinin törədildiyi sübuta yetirilmişdir. Cinayət işi üzrə istintaq tezliklə yekunlaşacaq və məhkəməyə göndəriləcəkdir.