REGİONLAR
Muxtar respublika yaxın gələcəkdə logistik mərkəzə çevriləcək
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Sentyabrın 27-də Ermənistan tərəfindən atəşkəsin pozularaq torpaqlarımıza gerçəkləşdirilən hücum nəticəsində Azərbaycan tərəfi əks-hücum tədbirləri görərək işğal altındakı mühüm yüksəklikləri, tarixi torpaqlarımızı, strateji əraziləri ələ keçirdi. Rayonlarımızın böyük əksəriyyəti, şəhərlərimiz, qəsəbə və kəndlərimiz erməni işğalından azad edildi. Azərbaycan özünün qüdrəti ilə regiondakı vəziyyəti müsbətə doğru dəyişdi. Dövlətimizin başçısının siyasi iradəsi nəticəsində Naxçıvan Muxtar Respublikasının blokadadan çıxarılması məsələsi də gündəmə gətirildi.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev deyib.
Emin Şıxəliyev bildirib ki, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “Kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Azərbaycan Ordusu bu missiyanın öhdəsindən layiqincə gəldi. Şuşanın işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Noyabrın 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun - Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz və deməli, qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə Zəfər həftəsi kimi həkk olundu.
“Noyabrın 10-da Azərbaycan Ermənistanı məhz öz dəmir yumruğu sayəsində sülhə məcbur etdi. Bu, Azərbaycanın tarixi qələbəsidir”, - deyən Emin Şıxəliyev vurğulayıb ki, ən mühüm amillərdən biri isə həmin proses çərçivəsində Naxçıvanın da blokadadan azad olunmasıdır. Beləliklə, 9-cu maddəyə əsasən, Ermənistan ərazisində dəhliz yaradılacaq, ölkəmizin digər bölgələri ilə nəqliyyat-kommunikasiya əlaqələri bərpa ediləcək. Bu dəhliz həm də Türk dünyasını quru yolu ilə bir-birinə bağlayacaq. Mahiyyət etibarilə, “Türk qapısı” adlandırılan Naxçıvan öz tarixi missiyasını layiqincə yerinə yetirəcək. Muxtar respublika yaxın gələcəkdə Naxçıvan-Qars, Naxçıvan-Məşhəd və Naxçıvan-Bakı dəmir yolu bağlantıları ilə logistik mərkəzə çevriləcək. Bütün bunlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qəti siyasi iradəsinin təzahürüdür.