REGİONLAR
Muxtar respublikada quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq aparılıb
Naxçıvan, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə fevralın 26-dan martın 1-dək Naxçıvanda fəaliyyət göstərən sənaye əsaslı quşçuluq müəssisələrində, şəhər və rayonlar üzrə ailə təsərrüfatlarında, həmçinin vəhşi və köçəri quşların məskunlaşdığı təbiət ərazilərində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, monitorinqlər zamanı quşçuluq və ailə təsərrüfatlarında saxlanılan quşlardan, ümumilikdə, 100 halda qan nümunələri götürülüb və nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında analizinin aparılması təmin olunacaq.
Qarşıdakı dövrlərdə muxtar respublika ərazisində epizootoloji sabitliyin təmin edilməsi məqsədilə iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında da müxtəlif xəstəliklərə qarşı monitorinqlərin keçirilməsi və müvafiq tədbirlərin icrası davam etdiriləcək.