Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq görülür
Naxçıvan, 10 mart, AZƏRTAC
Muxtar respublikada torpaq və su ehtiyatlarının qorunması və onun məhsuldarlığının artırılması, suvarılan sahələrin genişləndirilməsi, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi genişləndirilir.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cəmiyyətin əməkdaşları tərəfindən fevral ayında 6,4 kilometr yeni suvarma, 170 metr qapalı drenaj xətti çəkilib, 800 metr yeni açıq drenaj kanalı qazılıb, 5 kilometr içməli su, 1,5 kilometr təzyiqli boru xətti təmir edilib, 41 kilometr beton və torpaq kanal, 18 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənib. Şoranlaşmanın qarşısını almaq məqsədilə görülən işlər hesabına 36,4 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılıb.
Ötən ay Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 4 kilometr suvarma xətti çəkilib, 18 hovuz və hidrant quraşdırılıb.
Muxtar respublikada əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün mövcud xətlərdə təmir-bərpa işlərinin aparılması, yeni içməli su xətlərinin quraşdırılması davam etdirilib. Həmçinin subartezian quyularının və kəhrizlərin istismara yararlılığı diqqətdə saxlanılıb, 3 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 kəhrizdə isə işlər davam etdirilib, 40 subartezian quyusu təmir olunub.