Naftalanda “Qərbi Azərbaycan: Tarixin sınaqları, müasir çağırışlar” mövzusunda tədbir keçirilib







Gəncə, 21 aprel, Elcan Məmmədov, AZƏRTAC
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində "Qərbi Azərbaycan: Tarixin sınaqları, müasir çağırışlar" mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara, Qarabağın Zəfər təntənəsini, Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini özündə əks etdirən fotoşəkillərdən və kitablardan ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, bu günə qədər görülən işlər, qarşıda duran vəzifələr bu istiqamətdə aparılan mübarizənin sistemli və davamlı xarakter aldığını göstərir. Vurğulayıb ki, son iki əsr ərzində ata-baba yurdlarından məcburi şəkildə didərgin salınan Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı qaçılmaz və təmin olunmalı bir hədəfdir.
İcra başçısı Vüqar Novruzov tarixi torpağımız olan Qərbi Azərbaycanla bağlı tədbirlərin keçirilməsinin olduqca mühüm əhəmiyyət daşımasından, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycana Böyük Qayıdış ideyasının reallaşdırılması istiqamətində vacib və məqsədyönlü addımlar atılmasından ətraflı bəhs edib.
İcmanın İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu çıxışında Qərbi Azərbaycan həqiqətlərinə geniş şəkildə toxunaraq, bu prosesin həm tarixi ədalətin bərpası, həm də Cənubi Qafqazda dayanıqlı sülhün əsas şərtlərindən biri olduğunu vurğulayıb.
İcmanın Qadınlar Şurasının sədr müavinləri Telli Pənahqızı və Aytən Sultanova Qadınlar Şurasının bu prosesdəki fəal rolundan, Qərbi Azərbaycana Qayıdış hərəkatında göstərilən təşəbbüskarlıqdan söz açıblar. Doğma yurd yerlərimizə qayıdışın təkcə milli kimliyimizin bərpası deyil, həm də gələcək nəsillərimiz üçün ədalətli və dinc gələcəyin qurulması baxımından zəruri olduğunu bildiriblər.
Sonda Qərbi Azərbaycandan olan bir qrup şəxsin və onların varislərinin müraciətləri əsasında onlara Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri və döş nişanları, həmçinin qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.