Naftalanda şəhid və qazi övladlarına məktəb ləvazimatları verilib
Naftalan, 1 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına vuruşaraq canından və sağlamlığından keçən şəhidlərin və qazilərin övladlarının qayğıları dövlətimizin daim diqqət mərkəzindədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətində qarşıdan gələn yeni tədris ilinin başlanması münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib. İcra başçısı Vüqar Novruzov dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışaraq, onların məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
Artıq ənənə halını alan və uşaqlara sevinc dolu anlar yaşadan tədbirdə onlara məktəbli çantaları və müxtəlif dərs ləvazimatları təqdim edilib.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.