Naftalanda yüksək bal toplayan məzunlara xatirə hədiyyələri təqdim edilib
Naftalan, 5 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ali məktəbə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib.
Tədbirdə şəhər rəhbəri Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini və ali tədris müəssisələrinə yüksək balla qəbul olan məzunlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük ehtiramla anıblar.
Görüş zamanı Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan, bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edən icra başçısı tələbə adını qazanmış gəncləri səmimi qəlbdən təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin onların müəllimlərinə və valideynlərinə səmimi təbriklərini çatdırıb.
Gənclər çıxış edərək təhsilin inkişafı və onların uğur qazanması üçün yaradılan geniş imkanlara görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.
Sona tələbə adını qazanmış gənclərə xatirə hədiyyələri təqdim edilib.