Nantda yaşayan Azərbaycan icmasının üzvlərinə səyyar konsulluq xidməti göstərilib
Nant, 18 iyun, AZƏRTAC
Fransadakı səfirliyimizin təşkilatçılığı ilə Nant şəhərində yaşayan Azərbaycan icmasının üzvlərinə səyyar konsulluq xidməti göstərilib.
AZƏRTAC xəbər verir ki, Fransadakı səfirliyimizin konsulu Vüqar Əliyev və diplomat Suliddin Məmmədov tərəfindən 30-dan çox azərbaycanlıya lazımı yardım göstərilib.
Diplomatlarımız Nantdakı Azərbaycan icmasının üzvlərinə ehtiyacları olan sənədlərin verilməsi, şəhadətnamələrin rəsmiləşdirilməsi ilə bağlı konsulluq xidmətini təmin ediblər. Onlar soydaşlarımızın sənədləşmə ilə bağlı suallarını cavablandırıblar.
Nantda yaşayan azərbaycanlılara hüquqi yardım edilərək, qanunvericiliyin tələbləri izah edilib.
Azərbaycan icmasının üzvləri iş və ailə vəziyyətləri ilə bağlı Parisə gələ bilmədiklərini deyərək, səfirliyin səyyar konsulluq xidməti təşəbbüsünü yüksək qiymətləndiriblər və səfirliyə təşəkkürlərini bildiriblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Nant