“NARINCI OLMAYAN” AZƏRBAYCAN
“NARINCI OLMAYAN” AZƏRBAYCAN
Son zamanlar keçmiş sovet məkanında keçirilən hər bir seçki yeni “rəngli inqilablar”la əlaqələndirilir. Təcrübəsiz ictimaiyyətin bir hissəsi Azərbaycanda parlament seçkilərindən də buna bənzər nə isə gözləyirdi, lakin indi tamamilə aydındır ki, onların ümidləri boşa çıxdı.
Azərbaycanda keçirilmiş seçkilərin nəticələri bir daha sübut etdi ki, “narıncı inqilablar”ın səbəbi təkcə obyektiv deyil, həm də subyektiv faktlardadır. Sabitliyin pozulması üçün ölkənin iqtisadi vəziyyətinin böhranlı olması kifayət deyil (yeri gəlmişkən, Ukrayna iqtisadiyyatı “narıncı inqilab”dan əvvəl inamla yüksəlirdi). İnqilabların başlıca səbəbi hakim elitanın və onun liderinin qeyri-adekvat davranışında, onun şəxsi qeyri-populyarlığının səviyyəsindədir. Məhz ölkə rəhbərliyinin qeyri-populyarlığı, onun mənəvi aşınması və bunun nəticəsi olaraq, dövlət təsisatlarına etimadsızlıq hakimiyyətə real münasibətlə seçkilərin elan edilmiş nəticələri arasında açıq-aşkar uyğunsuzluğun nəzərə çarpdığı halda əhalinin siyasi cəhətdən fəal hissəsində narazılığın coşmasına səbəb olur. Deməli, İlham Əliyevin tamamilə populyar olduğu və müxalifətdə ona bərabər simanın olmadığı indiki Azərbaycanda “narıncı inqilab” haqqında hər hansı söz-söhbət əvvəlcədən utopik görünür.
ATƏT-in nümayəndələrinin Azərbaycandakı seçkilərdə nəzərəçarpacaq pozuntular qeydə alması tamamilə normal haldır. MDB ərazisində Qərb normalarına tam cavab verən seçkilər, təəssüf ki, hələlik ümumiyyətlə, keçirilmir. Odur ki, ATƏT-in seçkilərə münasibəti əvvəlcədən gözlənilən və proqnozlaşdırılan idi və müəyyən dərəcədə “tərbiyəvi xarakter” daşıyırdı ki, ölkənin hakimiyyət orqanları “öz yerini” bilsin və başa düşsünlər ki, onların hərəkətləri diqqətlə izlənilir. Eyni zamanda, Ukraynada Prezident seçkilərinin və Qırğızıstanda parlament seçkilərinin qeyri-legitimliyini elan etmiş NDI, ENEMO kimi təşkilatlardan beynəlxalq müşahidəçilərin Azərbaycanda parlament seçkilərində kütləvi surətdə iştirak etməməsi səciyyəvidir...
Təqdiredici haldır ki, Azərbaycan iqtidarı beynəlxalq müşahidəçilərin üzə çıxardığı pozuntuların çoxunu aradan qaldırmağa hazır olduğunu bildirmiş və hətta iki seçki dairəsi üzrə, o cümlədən Xalq Cəbhəsinin sədri Əli Kərimlinin məğlub olduğu dairə üzrə nəticələrin ləğv olunması barədə qərar qəbul etmişdir. İlham Əliyevin Azərbaycan rəhbərliyində korrupsiya ilə mübarizəyə ilk olaraq özünün başlaması olduqca əhəmiyyətlidir. Ekspertlərin əksəriyyətinin fikrincə, bu gün ölkənin başlıca problemi məhz korrupsiyadır. Şübhəsiz, Azərbaycanda son on ildə bütün seçkilərlə müqayisədə builki parlament seçkiləri daha azad və real rəqabət şəraitində baş tutmuş, müxalifətdən olan və müstəqil namizədlər Azərbaycanın müasir tarixində ən çox sayda mandat qazanmışlar.
Azərbaycanın nümunəsi göstərir ki, Prezidentin oğlunun dövlət başçısı seçilməsi heç də həmişə pis variant deyildir.