NARKOMANİYA ƏLEYHİNƏ SƏRGİ-MÜSABİQƏ
Sərgi-müsabiqədən əsas məqsəd narkomanlığın törətdiyi fəsadlar haqqında təsəvvürləri genişləndirmək, rəssamların bu problemə münasibətini öyrənmək, plakat janrında əsərlərdən təbliğat işində əyani vəsait kimi istifadə etmək və narkotik vasitələrin yayılmasına qarşı mübarizədə Azərbaycan gömrük orqanlarının müstəsna xidmətini göstərməkdir.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov və Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Dane bildirmişlər ki, narkomaniya bütün dünya üçün çox böyük təhlükə yaradır və bu dəhşətli bəla ilə mübarizəni gücləndirmək lazımdır. Sevindirici haldır ki, bu mübarizəyə Azərbaycan rəssamları da qoşulmuşlar.
Qeyd olunmuşdur ki, narkomaniyaya həsr edilmiş belə sərgilər bundan sonra da açılacaqdır.
Müsabiqədə qalib gəlmiş rəssamlara fəxri fərmanlar və mükafatlar verilmişdir.
Sonra iştirakçılar sərgidə nümayiş etdirilən rəsmlərlə tanış olmuşlar.