NARKOMANİYA ÜMUMBƏŞƏRİ BƏLADIR
Bakı, 17 fevral (AZƏRTAC ). Bakı Sənaye Pedaqoji Texnikumunda Bakı Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə narkotik və psixotrop maddələrin insan orqanizminə təsiri mövzusunda tədbir keçirilmişdir.
Tədris müəssisəsinin direktoru Vidadi Orucov gənclərimizin Vətənə sevgi ruhunda böyüməsi, onların yüksək təhsil almaları üçün yaradılan dövlət qayğısından danışmışdır. Lakin bəzi gənclərin mənfi təsir altına düşdüyünü söyləyən V.Orucov bu şəxslərin sonradan narkotik aludəçilərinə çevrildiyini bildirmişdir. Narkomaniyanın dünyada ən dəhşətli bəlalardan biri olduğunu qeyd edən V.Orucov bununla bağlı insanlar arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulamışdır.
Mövzu ətrafında çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da psixotrop və narkotik maddələrin istifadəsinin ümumbəşəri problem olduğunu qeyd etmiş, gəncləri pis vərdişlərdən uzaq olmağa çağırmışdır. R.Abbasov demişdir ki, ən çox gənclər arasında təsadüf edilən narkomaniyaya qarşı yalnız hüquq mühafizə orqanları deyil, hər birimiz qətiyyətlə mübarizə aparmalıyıq.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Səbinə Babazadə, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Cəmilə Ramazanova, rayon prokurorluğunun nümayəndəsi Bilal Qədimi tələbələr qarşısında çıxış edərək, narkomaniyanın yaratdığı fəsadlar barədə ətraflı məlumat vermiş, bu xəstəliyə qarşı dövlət səviyyəsində profilaktik tədbirlərin görüldüyünü diqqətə çatdırmışlar.